Shape

Hüquq məsləhətxanası

Hüquq məsləhətxanası

SUAL-CAVAB BÖLMƏSİ

Sual: Sosial sahibkarlıqla kimlər məşğul ola bilər?

Cavab: Azərbaycan Respublikasında sosial sahibkarlıq xüsusi bir tənzimləmə mexanizminə sahib olmadığına görə, bu məsələyə kommersiya və ya qeyri-kommersiya şirkəti yarada bilmək prizmasından baxmaq lazımdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bu cür hüquqi şəxslər istənilən fiziki və ya digər bir hüquqi şəxs tərəfindən yaradıla bilər. Şirkət üzvlüyə əsaslana bilər və ya üzvlərin olmasından asılı olmaya bilər, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı seçməkdə də sərbəstdir.

Sual:  Sosial sahibkarlar Azərbaycanda fəaliyyət göstərmək üçün hansı orqandan icazə almalıdır?

Cavab: Heç bir formada icazə tələb edilmir, qeydiyyat formasınının kommersiya və ya qeyri kommersiya təşkilatı olmasından asılı olaraq, müvafiq olaraq Vergi və ya Ədliyyə Nazirliyinə müraciət etmək lazımdır.

 

Sual:  Azərbaycanda Sosial sahibkarlıq fəaliyyəti  hansı qanunla tənzimlənir?

Cavab: Xüsusi olaraq heç bir, lakin Mülki Məcəllə və Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Qanunun müddəaları tətbiq edilə bilər.

 

Sual:  Sosial sahibkarlar üçün hansı güzəşt və imtiyazlar var?

Cavab: Müvafiq tənzimləmə mövcud olmadığından güzəşt və ya imtiyaz mövcud deyil.

 

Sual: İnkişafa yönəlmiş sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi çərçivəsində sosial sahibkarlığın və yeniliyin inkişafını necə stimullaşdırmaq olar?

 

Cavab: Əvvəla, sosial sahibkarlıq sahəsində yekdil qanunvericilik praktikasının hazırlanması ağlabatan olardı. Öz unikallığı ilə seçildiyinə görə (ictimai məqsədlərə kommersiya və bazar mexanizmləri ilə çatılması) korporativ strukturun hazırda qanunvericilikdə mövcud olan kommersiya və ya qeyri-kommersiya təşkilatı formasında qurulması sahibkarların imkanlarını yetərincə məhdudlaşdırır. Beynəlxalq praktikadan yararlanaraq və onla məhdudlaşmayaraq, sosial sahibkarlar üçün vergi imtiyazlarının tətbiq edilməsi onların məqsədə çatmasını daha da rahatlaşdırardı. O cümlədən, QHT sektorunda və qrant barədə qanunvericilikdə inzibati məhdudiyyətləri aradan qaldıran islahatlar qəbul etmək əlverişli olardı.

Sual:  Sosial sahibkarlar maliyyə dəstəyi ala bilərmi?

 

Cavab:  Qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyatdan keçmiş təşkilat qrant və ya ianə formasına maliyyə yardımı ala bilər. Bir qayda olaraq, qanunvericilik bu əsnada dolanbaclı mexanizm təsbit edir (ətraflı: https://rm.coe.int/azerbaijan-ngo-legislation-full-final-az/16808aee80)

 

 

Sual:  Güzəştli kreditləri əldə etmək etmək üçün social sahibkar hara müraciət edə bilər? Güzəştli kreditlərə tətbiq edilən illik faiz dərəcələri nə qədərdir və necə müddətə götürülə bilər?

 

Cavab:  Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlər götürmək mümkündür. Fond bu məqsədlə vəsaitlərinin istifadəsinin prioritet istiqamətlərini təsbit edib, yəni güzəştli kreditlər yalnız bu sahədə sahibkarlıqla məşğul olan subyektlərə təqdim edilir (siyahı - http://edf.gov.az/az/content/17). Bu halda kreditin şərtləri müvafiq formada olacaq:

Kreditin məbləği

5 000 – 10 000 000 manatadək

Kreditin faiz dərəcəsi

 5%-dək

Kreditin müddəti

 10 ilədək

Kredit üzrə güzəşt müddəti

 Kredit müddətinin yarısınadək

Mənbə: http://edf.gov.az/az/content/181

Bu cür kredit məhsullarından istifadə etmək üçün Fondun müvəkkil kredit təşkilatlarına müraciət etmək lazımdır. Daha sonra bu layihələr Fond tərəfindən yoxlanılır və kriteriyaya uyduğu halda sahibkar kredit əldə edə bilir (müvəkkil kredit təşkilatlarının siyahısı - http://edf.gov.az/az/content/31)

Sual:  Sosial sahibkar fərdi şəxslər və müəssisələrdən ianə qəbul edə bilərmi? Bilərsə onu necə rəsmiləşdirməlidir?

 

Cavab:  Edə bilərlər. Lakin burada bir neçə nüans var. Əvvəla, bu ianə yalnız Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən verilə bilər. Xarici hüquqi şəxsin filial və nümayəndiliklərinin qeydiyyatı onlarla bağlanmış saziş əsasında həyata keçirilir. İanə QHT-nin bank hesabına köçürmə yolu ilə həyata keçirilir, habelə iki yüz manata qədər ianə nizamnaməsinə əsas məqsədi xeyriyyəçilik olaraq qeyd edilmiş QHT-yə nağd şəkildə də edə bilər. QHT ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları təqdim etməyə borcludur.