img

Sosial sahibkarlar sosial problemlərin həllində bir çox innovativ metod və yanaşmalardan istifadə edirlər. Sosial sahibkarlığın bu aspekti beynəlxalq ədəbiyyatda sosial innovasiya termini ilə ifadə olunur. Sosial innovasiya sosial proqresi dəstəkləmək və sosial ehtiyacları ödəmək məqsədilə irəli sürülən innovativ ideyalar hesab edilir. Sosial sahibkarlığın innovativliyi əsasən yeni məhsul və xidmətlər, innovativ istehsal və distribusiya və ya təşkilati modellərdə özünü büruzə verir.

 

Bu terminin tərifi ilə bağlı beynəlxalq ədəbiyyatda sistematik, idarəetmə, iqtisadi, praqmatik və s. baxımdan müxtəlif izahlar verilmişdir. Bu izahlar içərisində Universal yanaşma daha əhatəli və məqbul səslənir. Universal yanaşmaya görə sosial innovasiyalar eyni anda həm sosial ehtiyacları ödəyən (mövcud həllərdən daha effektli), həm də yeni, daha təkmil bacarıq və əlaqələr, mövcud resurslardan daha səmərəli istifadəni nəzərdə tutan yeni həllərdir (məhsul, xidmət, model, bazar, proselər və s.) Başqa sözlə, sosial innovasiyalar həm icmanın özünə həm də onun hərəkət etmə bacarıqlarının inkişafına töhfə verir.

Tərifindən asılı olmayaraq sosial innovasiyalar cəmiyyətdə mövcud olan bərabərsizliklərə, gənclərlə əlaqədar problemlərə, işsizliyə, yoxsulluq və artan demoqrafik göstəricilər, qaçqınlarla əlaqədar krizlər, ətraf mühit və s kimi artan icma problemlərinin həllinə cavab kimi qəbul olunur.

Sosial sahibkarlıq müsbət dəyişikliklər etmək istəyən subyektlərin toplanma nöqtəsi hesab edilsə də sosial dəyişiklik bundan kənarda baş verə bilir. Bu konsept sosial dəyər yaradan ideya və həllərə fokuslanır. Ən uğurlu sosial innovasiyalar daha davamlı olan və daha geniş təsir dairəsi olan innovasiyalar hesab edilir.

Bu günün biznesində sosial innovasiyaların önəmi getdikcə daha da artır. Cəmiyyətdəki müsbət dəyişikliklərə dəstək verən şirkətlərin etibarı bu sayədə daha da artır. Biznes tərəfdaşlarının və icma nümayəndələrinin rifahını nəzərə alan şirkətlər uzunmüddətli rəqabətdə daha dözümlü şirkətlər kimi qiymətləndirilir. 2015-ci ildə Harvard Business Review-un top 100 CEO sıralamasında şirkətlərin uzunmüddətli performansında sosial və ətraf mühitlə əlaqədar fəaliyyəti ümumi balın 20%-ni təşkil edirdi. Siyahıda ilk yerin sahibi CEO Lars Rebien bu fikri yekunlaşdıraraq bildirmişdir ki: “Sosial və ətraf mühitlə bağlı olan problemlər uzunmüddətli perspektivdə maliyyə problemləri ilə nəticələnir”.