img

Sosial sahibkarlıq nisbətən yeni termin olmaqla son bir neçə onillikdə populyarlıq qazanmışdır. Termin olaraq istifadə olunmasa da bu fəaliyyət tarix boyu müxtəlif formalarda mövcud olmuşdur.

Bu sahədə fəaliyyət göstərən sahibkarlar 19 və 20-ci əsrlərdə hələ sosial sahibkarlıq konseptinin idarəetmədə istifadəsindən çox öncə öz təşkilatlarını yaratmışlar.  Britaniyada kooperativ hərəkata öncülük edən Robert Owen, ilk və modern tibbi baxım məktəbinin qurucusu Florence Nightingale, India’s Land Gift Movement”in təsisçisi Vinoba Bhave bunlardan sadəcə bir neçəsidir.

Bundan başqa artıq 20-ci əsrdə erkən uşaq təhsilində yeni metodları tətbiq edən “Uşaq Evi”nin qurucusu Maria Montessori bu sahədə reform etmişdir. Hazırda erkən uşaq təhsilində populyar olan Montessori metodu bu xanımın adı ilə bağlıdır.

Sierre Club-ın təsisçisi olan naturalist, konservator olan John Muir ABŞ milli park sisteminin qurucusu olmuş və bu sahədə prezident Roosveltlə birgə çalışmışdır.

Franklin Delano Roosvelt özü Böyük Depressiyanın mənfi təsirlərini minimuma endirmək yolunda Tennessee Valley Authority-ni quraraq çayların enerjisindən istifadə etməklə ucuz enerji yaradaraq yerli iqtisadiyyatın dirçəldilməsinə yardım etmişdi.

Modern sosial sahibkarlıq ənənəvi xeyriyyəçilik konseptindən bir qədər uzaqlaşaraq biznes dünyasının alətlərindən istifadə edərək sosial problemlərə effektli və davamlı həll yolları tapmağa çalışır.

İlkin dövr modern sosial sahibkarlıq təşəbbüslərindən biri olan Oxfam 1942-ci il bir qrup sosial fəal və Oxford akademik üzvlərinin dəstəyi ilə yaradılmışdı. Burada məqsəd yoxsulluqla mübarizə üçün qalıcı həll yolları yaratmaqdan ibarət idi.

Korporativ əsaslı sosial sahibkarlıq Michael Youngun adı ilə bağlıdır . O, 1950-90-cı illər aralığında dünyada 60-dan çox sosial sahibkarlıq nümunələri yaratmışdır. Bunlara Böyük Britaniyanın məktəb sahibkarlığı layihəsi seriyası da aiddir. eBay-in ilk prezidenti, məşhur xeyriyyəçi Jeff Skoll 1999-cu ildə Skoll fondunu yaradır ki, fondun da əsas məqsədi dünyanın müxtəlif hissələrində sosial dəyişiklik etmək istəyən insanlara işlərini böyütməyə kömək etmək idi. Bu işə kömək məqsədilə Oxford Universiteti Said biznes məktəbində sosial sahibkarlıq üçün Skoll mərkəzi fəaliyyət göstərir.

Son dövrlərdə də bu fonomen tamamilə müxtəlif formalarda istifadə edilmişdir. Muhammad Yunus tərəfindən yaradılmış Grameen Bank Bangladeşdəki yoxsulluq səbəbi ilə yaradılmışdır. 1976-cı ilə təsis edilən bu qurum 2003-2007-ci illər ərzində əhəmiyyətli dərəcədə böyümüşdür. Milyonlarla yoxsul insana tamamilə təminatsız kredit verən bankın müştərilərinin 97%-ni isə qadınlar təşkil edib (2011-ci ilədək).

1980-ci ildə qurulan Ashokanın məqsədi dünya üzrə sosial sahibkarların tapılması və maliyyələşdirilməsi olmuşdur. Fondun təsisçisi olan Bill Drytonun fəlsəfəsinə görə sosial sahibkarların əsas hədəfi insanlara “balıq vermək və ya balıq tutmağı öyrətmək” deyil, balıq sənayesində “inqilab etmək”dir. Bu isə təsisçinin sosial problemlərin həllində sistem-dəyişən, innovativ yollara nə dərəcədə önəm verdiyini göstərir.

Hindistanda Muhammad Yunusdan ilhamlanaraq  Rand Deni yaradan Ramakrishna və Smita Ram, Brent Freeman, Norma La Rosa və başqaları bu yeni konsepti daha da populyarlaşdırdılar.

Faktiki olaraq bir çox tanınmış brendlər də sosial sahikarlıq konseptini mənimsəməyə və cəmiyyətdə olan sosial problemlərin həlli istiqamətində ucqar ərazilərdə məktəblər açmaqla, qadınların ailə planlaması, təhsilinə dəstək verməklə, aşağı gəlirli fərdlər və fermerlər üçün aşağı faizli kreditlər verməklə və digər addımlarla bu mövzuda laqeyd olmadıqlarını göstərməyə çalışırlar.

Sosial sahibkarlığın əhəmiyyətinin bu dərəcədə artması ilə bu konsept artıq idarəetmə kurslarının da ayrıca bir bölümü kimi tədris edilməyə başlamışdır.