img
Azərbaycanda əngəlli insanlar üçün - Yeni Geyim Brendi Yaradıldı

Zaqataladan olan gənc tələbə Məhəmməd Kekalov “Kekalove Adaptive Fashion” biznes ideyasının müəllifidir. Hazırda İqtisad Universitetində Biznesin İdarəolunması ixtisası üzrə bakalavr təhsili alan Məhəmməd sahibkarlıq fəaliyyətinə çox gənc yaşlarından başlamışdır. FLEX (Gələcəyin Liderləri) proqramı xətti ilə bir il ABŞ-da təhsil alan Məhəmməd Harvard Biznes məktəbinin gənc liderlər üçün nəzərdə tutulan CELP sahibkarlıq proqramının da məzunudur.

Məhəmmədin “Kekalove Adaptive Fashion” biznes ideyası təsadüfən yaranmayıb.  Uşaqlıqdan görmə əngəlli nənəsi ilə birgə yaşayan Məhəmməd fiziki məhdudiyyəti olan insanların gündəlik həyatlarına rastlaşdıqları problemlərin birbaşa şahidi olub. Bu onun yeni və fərqli layihə yaratmasına imkan yaradıb. ABŞ-da inklyüziya şəraitində birlikdə təhsil aldığı əngəlli tələbə dostları ilə ünsiyyət zamanı fərqli keys və məhdudiyyətləri də müşahidə edərək daha çox məlumat toplayan Məhəmməd artıq 2019–cu ilin yazından “Kekalove Adaptive Fashion” startup-ını təsis edir.

Fiziki məhdudiyyəti olan, əsasən də əlil arabası istifadəçisi olan insanlar üçün adaptiv geyimin hazırlanması bu təşəbbüsün əsas məqsədidir. Müxtəlif təyinatlı geyimləri geyinən zaman əngəlli insanlar bir çox halda həddən artıq zaman və enerji sərf etməli olurlar. Kekalove geyimləri ilə bu zaman və enerji itkisini minimuma endirə biləcəyini düşünən Məhəmməd fiziki məhdudiyyətli insanların həyatını asanlaşdırmağı əsas hədəf kimi görür. Digər məqsəd isə əngəlli insanların cəmiyyətimizdə kifayət qədər geniş təmsil olunmaması səbəbindən onların kölgədə qalan problemlərini işıqlandırmaqdır.

Kekalove geyimləri hədəf kütlənin həyatını asanlaşdırmaq və onların daha məmnun və rahat olmasına töhfə verməklə yanaşı, həm də geyim sənayesində istehsalçılar arasında adaptiv geyim ehtiyacının önəmini xatırladaraq mövzu ilə bağlı fərqindəlik yaratmaqla vəkillik funsiyasını da icra etmiş olur. Layihənin yarada biləcəyi sosial təsirlər təkcə qeyd olunanlarla məhdudlaşmır. Əngəlli insanları moda sənayesinə cəlb edərək onların toplum həyatında aktiv iştirakını təmin edəcək açıq cəmiyyət formalaşdırılması da bu təşəbbüsün əsas sosial missiyalarından biridir. Gənc sahibkar hesab edir ki, bu biznesin cəmiyyətə gətirə biləcəyi ən mühüm sosial təsir inklüzivliyin artırılması, fiziki əngəl tanımadan hər bir fərdin toplum həyatında iştirakının təmin edilməsidir.

Müsahibimiz inanır ki, adaptiv geyim brendini Azərbaycanda yaratmaqla o, komandası ilə birgə yeni, innovativ bir işə imza ataraq ölkəmizi dünyada az sayda olan adaptiv brend istehsalçılarının arasında ilklərin sırasına əlavə edə biləcək.

Fəaliyyətə başladığı ilk vaxtlardan ard-arda bir çox uğurlara imza atan gənc sahibkar və komandası hazırda daha çox əzm və həvəslə layihəni davam etdirirlər. Komanda ilk vaxtlarda Barama innovasiya və sahibkarlıq mərkəzinin Barama inkubasiya proqramının qalibi seçilmiş və 6 ay ərzində biznesin qurulması üzərində həmin mərkəzdə komanda olaraq çalışmışlar. Daha sonra dünyanın ən böyük sosial biznes mərkəzlərindən olan “Yunus and Youth” proqramının təqaüdçüsü seçilmiş və növbəti 6 ay ərzində səylərini bu proqram vasitəsilə layihənin inkişafına yönəltmişdir.

Hazırda ABŞın Azərbaycandakı səfirliyinin “İcma quruculuğu təşəbbüsləri” proqramında qalib seçilərək bu proqram çərçivəsində yeni layihə üzərində çalışan komanda yaxın zamanda ilk adaptiv geyim kolleksiyasını təqdim etməyi planlaşdırır.

Kekalove layihəsinin ən mühüm uğuru isə Britaniya Təhsil Şurasının “Creative spark” proqramının ölkə üzrə sosial təsir kateqoriyasında qalibi  olması ilə başlayır. Bu proqram çərçivəsində Məhəmməd Azərbaycanı 8 postsovet ölkəsi arasında təmsil edərək kreativ kateqoriya üzrə  qalib seçilir və proqramın beynəlxalq çempionu ünvanını qazanaraq ilkin sərmayəni əldə edir.

Məhəmməd hesab edir ki, sosial sahibkarlıq fenomeninin önəmi onun sosial təsir elementinin və yaratdığı sosial faydanın əhəmiyyəti ilə getdikcə daha da artır. Digər yerli sosial sahibkarların fəaliyyətindən ilhamlandığını bildirən gənc sahibkar bu ideyanın təsir miqyasını artıraraq daha çox insanın həyatına toxunmağı və daha çox insana kömək edə bilməyi planlaşdırır.  Bu məqsədlə o, Kekalove Adaptive Fashion ideyasını tək Azərbaycanda deyil, regionun və dünyanın seçilən adaptiv geyim brendlərindən birinə çevirməyi hədəfləyir.

Kekalove təşəbbüsü əngəlli insanların təkcə geyim məsələsini həll etməklə kifayətlənmir. O, həmçinin icma quruculuğunda da yaxından iştirak edərək, onların digər qayğılarının da işıqlandırılmasında, özünüinkişaf məsələlərində dəstək olmağı gələcək planları arasında görür.

Məhəmmədin öz biznesini qurmaq istəyən, lakin haradan necə başlayacağına qərar verə bilməyən gənclərə əsas tövsiyəsi odur ki, problem gördüyünüz sahəni yaxşı araşdırdıqdan, həmin sahəyə ehtiyacı dəqiq müəyyənləşdirdikdən sonra çox vaxt itirmədən motivasiyalı bir komanda ilə hədəfə doğru addımlasınlar və bu yolda ətrafdakıların neqativ rəylərinə çox da önəm verməsinlər. İnam, qətiyyət və çalışqanlıq uğurun əsas açarıdır.

Arzu İsmayılova, Education HUB

Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.