img
Amerikalı xanım Azərbaycanda – Corab Biznesini Necə Yaratdı

Tereza Hamlin -  ''Azerbaijani Socks" sosial biznesinin yaradıcısıdır. Əsrin əvvəlində ABŞ-dan ölkəmizə ilk dəfə qısa müddətə səfər edən əslən Minnesotadan olan Tereza Hamlin, həyatının növbəti 15 ilini ölkəsindən kilometrlərlə uzaqda, okeanın o biri tayında yerləşən Azərbaycan adlı ölkədə yaşayacağını ağlına belə gətirmirdi. İngilis  dilinin tədrisi məqsədilə 2012-ci ildə paytaxt Bakıdan ölkənin şimalına, Qusar rayonuna köçür. Elə hər şey də bununla başlayır.

Qusarda yaşadığı illər ərzində, yerli icmadakı insanların yaşayış tərzini, gündəlik ənənə və vərdişlərini müşahidə edərkən, yerli qadınların toxuculuqla, xüsusilə də corab toxumaq ənənəsini  kəşf edir.

Əslən Amerikalı olan Tereza bu mənzərəyə kənardan baxaraq, bunun fərqli bir sahə olduğunu və göz oxşayan naxışlı toxumaların vizual olaraq necə möhtəşəm göründüyünü müşahidə edir. Fərqli  mədəniyyətlərdən və mühitdən gələn insanların nəzərinə bu detallar daha tez çarpır və məsələyə fərqli baxış bucağından yanaşdıqda fərqli nəticələr ortaya çıxmış olur.

Tereza rəngarəng vəfüsünkar formada hazırlanan corabların həm milli ənənənin daşıyıcısı olduğunu, eyni zamanda kənd  qadınlarının maddi cəhətdən özlərini təmin etmək üçün məşğul ola biləcəyifəaliyyət sahəsi olduğunu anlayır. Bu məqsədlə potensial satış etmək üçün mövcud şəxsi imkanların azlığını nəzərə alaraq, mövcud vəziyyəti sosial biznesə çevirmək, dünyaya çıxarmaq amalı ilə atılan ilkin addımlar öz bəhrəsini verir.

Kənd  qadınları ehtiyacları olmasına baxmayaraq  çox zaman ailədəki şəraitə görə evdən kənarda başqa iş yerində işləməklə bağlı çətinliklərlə üzləşirlər.

Ona görə də, Tereza Hamlin yerli icmada - qonşuluqda, ucqar qəsəbə və kəndlərdə olan  corabçı qadınları axtarıb-tapır və onlarla səmərəli iş birliyinə başlayır.

Əsasən kəndlərdə, rayonlarda yaşayan qadınlarla əməkdaşlıq edərək onların bu sahədə daha da inkişaf etməsi üçün səylər göstərir.

Qusarda başlanan, artıq 5 ilə yaxındır fəaliyyət göstərən "Azerbaijani Socks" sosial biznesi indi artıq 15 rayonu və onlarla qadını əhatə etməklə uğurla davam etdirilir.

Əvvəllər yaşlı insanlarla başlanan təşəbbüs, sonralar orta yaşlı qadınlarla və gənc qızlarla  davam etdirilir.

Tarixi milli ənənə olduğunu nəzərə alaraq bu sahənin davam etdirilməsi, uzun illər sürən vərdişlərin, ənənələrin nəsildən-nəsilə ötürülərək bu günkü müasir dünyamıza qədər çatdırılması da qarşıya qoyulan məqsədlərdən biridir.

"Qadınlar bacarıqlara yiyələnərək asudə vaxtlarını düzgün dəyərləndirməklə, öz iqtisadi müstəqilliyini qismən təmin edə bilirlər.'' - deyə Tereza Hamlin əsas məqsədinin elə məhz bu olduğunu qeyd edir.

Hal-hazırda Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif nöqtələrinə "Azerbaijani Socks" brendi altında çatdırılan qədim milli ənənəyə sadiq toxuma işləri, corablar, artıq getdiyi ünvanlara həm də qədim odlar yurdunun ruhunu, özünəməxsusluğunu və corabçı qadınların uğur həkayəsini də daşımaqdadır.

Ərşad Məmmədov, Arzu Ismayılova

Education HUB

Yazı “Education HUB” Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirmir. Məzmun Education HUB-a məxsusdur.